top of page

Diş əti xəstəlikləri insanların sağlamlığına və həyat tərzinə ciddi şəkildə təsir edən geniş yayılmış, xroniki və qeyri-yoluxucu xəstəliklərdir. Ağır dərəcəli parodontit yayılma intensivliyinə görə dünyada 6-cı yeri tutur və 800 milyona yaxın insan bu xəstəlikdən əziyyət çəkir. Müalicə edilmədiyi halda parodontit diş itkisinə səbəb olur, bu da insanlarda düzgün qidalanma çətinliyi, nitq qüsuru, özünə inamın azalması və həyat keyfiyyətinin aşağı düşməsi deməkdir. Avropa Parodontologiya Federasiyası (EFP)Dünya Ailə Həkimləri Assosiasiyalarının (WONCA Europe) birgə təşkilatçılığı ilə Madrid şəhərində parodontologiya və ailə təbabətinə həsr olunmuş və hər iki təşkilatın aparıcı mütəxəssislərinin cəlb olunduğu qurultayda diş əti xəstəlikləri ilə şəkərli diabet, tənəffüs orqanlarının xəstəlikləri və ürək-damar xəstəlikləri kimi xroniki və qeyri-yoluxucu xəstəliklər arasında əlaqə mövcud olan ən son sübutlara əsasən təhlil olunmuşdur. Qurultayda tənəffüs orqanlarının xəstəlikləri ilə əlaqədar olaraq, parodontit və xroniki obstruktiv ağciyər xəstəliyi, obstruktiv yuxu apnesi və Covid-19 ağırlaşmaları kimi hallar arasında müsbət əlaqələr müəyyən edilmişdir. Ürək-damar xəstəlikləri isə parodontitin sistemli iltihab, endotelial disfunksiya və gələcəkdə ürək-damar xəstəlikləri hallarının artması ilə əlaqələndirilmişdir. Üstəlik, son sübutlar göstərir ki, diş əti xəstəliklərinin müalicəsi kardiometabolik riski və sistemli iltihabı azaltmaq da daxil olmaqla, ümumi sağlamlığın yaxşılaşmasına gətirib çıxarır. Qurultayın yekun nəticələrindən ərsəyə gələn, infoqrafikalar və animasiyalar da daxil olmaqla bir sıra informativ materiallardan ibarət olan Diş əti Xəstəlikləri & Ailə Həkimləri (Perio&Family Doctors) maarifləndirmə kampaniyasının məqsədi dünyada və ölkəmizdə ağız boşluğu sağlamlığı mütəxəssislərinin və ailə həkimlərinin parodontologiya və ailə təbabəti arasındakı sinergiyanı daha yaxşı nəzərə alaraq xəstələrə göstərilən səhiyyə xidmətinin necə yaxşılaşdıra biləcəkləri barədə məlumatlılığı təşviq etməkdir. Bu kampaniya diş əti sağlamlığının insanların rifah halı sıx əlaqəsini və diş əti xəstəlikləri ilə xroniki sistem xəstəliklər arasında əhəmiyyətli əlaqələri sübut edən biliklərə əsaslanır və ailə həkimlərinin diş əti xəstəliklərinin profilaktikası və erkən aşkarlanması ilə əlaqəli məlumatlılığın və mövcud biliklərin yenilənməsini nəzərdə tutur. Bundan əlavə, kampaniya parodontoloqlara və stomatoloq, üz-çənə cərrahı, restorativ stomatoloq, endodont, ortoped stomatoloq, uşaq stomatoloqu, ortodontlar kimi digər ağız boşluğu sağlamlığı mütəxəssislərinə ürək-damar xəstəlikləri, şəkərli diabet və digər qeyri-yoluxucu xəstəliklərin profilaktikası, aşkarlanması və birgə müalicəsi üçün strategiyaların təmin edilməsinə yönəlib. Ağız boşluğu sağlamlığı mütəxəssisləri və ailə həkimləri arasında əməkdaşlıq, xəstələrdə müalicənin keyfiyyətinin, effektivliyinin və fəallığının artırılması üçün böyük potensiala malikdir. Avropa Parodontologiya Federasiyasının ‘‘Diş əti Xəstəlikləri & Ailə Həkimləri’’ maarifləndirmə kampaniyası Azərbaycan Parodontologiya Cəmiyyətinin təşəbbüsü ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Parodontologiya kafedrasının dosenti, Cəmiyyətin İdarə Heyətinin prezidenti Cavid Əhmədbəyli, Cəmiyyətin layihələr koordinatoru, tibb üzrə fəlsəfə doktoru Hikmət Baxışov və Azərbaycan Tibb Universitetinin Stomatologiya Fakultəsinin tələbəsi Davud Sucayev tərəfindən Azərbaycan dilində tərtib edilmişdir.
Ətraflı: https://www.perio.az/perioailehekimi
More: https://www.efp.org/for-patients/gum-disease-general-health/perio-family-doctors/

Perio & Family Doctors D.png

Ağız boşluğu sağlamlığı mütəxəssisləri
üçün tövsiyələr

Yükləmək üçün klikləyin

Perio & Family Doctors F.png

Ailə həkimləri üçün tövsiyələr
Yükləmək üçün klikləyin

bottom of page