Azərbaycan Parodontologiya Cəmiyyəti tərəfindən təşkil olunan Parodontologiya Kurikulumunun iştirakçılarına rəsmi şəhadətnamə diplomaları və təşəkkürnamələr təqdim olundu
Azərbaycan Parodontologiya Cəmiyyətinin təhsil layihəsi olan və 2023-cü ildən Cəmiyyət tərəfindən ölkəmizdə təşkil olunan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil üzrə akkreditasiyalı 2 seminar və 5 master-klassdan ibarət parodont və peri-implant xəstəliklərinin diaqnostikası, qeyri-cərrahi & cərrahi müalicəsi üzrə tibbi təhsil programı olan Parodontologiya Kurikulumu uğurla yekunlaşdı. Kurikulumun 2024-cü il məzunlarına rəsmi şəhadətnamə diplomları, mühazirəçilərə, könüllülərə və tərəfdaşları isə təşəkkürnamələr təqdim olundu.
Diş əti xəstəliklərinin profilaktikası və müalicəsinə həsr olunmuş seminar keçirilmişdir
Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyətinin prezidenti, uzman parodontoloq Cavid Əhmədbəyli 30 noyabr 2024-cü il tarixində Azərbaycan Parodontologiya Cəmiyyətinin dəstəyi və Vip Dental şirkətinin təşkilatçılığı ilə Ibis Baku City hotelində keçirilən seminarda “Peri-implant xəstəliklərinin müalicəsinə müasir yanaşmalar” mövzusunda məruzə ilə çıxış ermişdir.
Professor Ali Çekici Azərbaycan Parodontologiya Cəmiyyətinin Fəxri Üzvlüyü ilə təltif olundu
İstanbul Universitetinin Parodontologiya kafedrasının professoru, Türkiyə Parodontologiya Cəmiyyətinin sədri Ali Cekici parodontologiyanın inkişafındakı xidmətlərə görə Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyətinin qərarı ilə ''Azərbaycan Parodontologiya Cəmiyyətinin Fəxri Üzvlüyü’’ ilə təltif olundu. Professora fəxri üzvlük plaketi Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyətinin prezidenti Cavid Əhmədbəyli tərəfindən 30 noyabr 2024-cü il tarixində Bakıda keçirilən tədbirdə təqdim olundu.
Azərbaycan Parodontologiya Cəmiyyəti və TƏBİB arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Memorandum 25 noyabr 2024-cü il tarixində Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyətinin prezidenti Cavid Əhmədbəyli və TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov tərəfindən imzalanıb. Memoranduma əsasən, Azərbaycan Parodontologiya Cəmiyyəti ilə tibbin stomatologiya, parodontologiya və implantologiya sahələrində qarşılıqlı faydalı, uzunmüddətli və effektiv əlaqələrin qurulması, inkişafı üçün əməkdaşlıq etmək barədə razılığa gəlinib. Eyni zamanda memorandumda tibb mütəxəssislərinin hazırlanması, tədris proqramlarının tərtib olunması, bununla bağlı təkliflərin verilməsi və müzakirə olunması, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində əhalinin ağız boşluğu sağlamlığının qorunması üçün tibbi xidmətlərinin müasir tələblərə uyğun təşkili, bu xidmətlərin icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırılması və icbari tibbi sığorta üzrə Xidmətlər Zərfində göstəriləcək xidmətlər siyahısının tərtib olunması ilə bağlı təkliflərin verilməsi, müzakirə olunması da öz əksini tapıb. Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyətinin üzvü və layihələr koordinatoru Hikmət Baxışovun da iştirak etdiyi imzalama mərasimində, tibb sahəsinin inkişafı üçün qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri geniş müzakirə olunub.
Xorvatiyada Azərbaycan Parodontologiya Cəmiyyətinin iştirakı ilə Avropa Parodontologiya Federasiyasının Baş Assambleyası keçirildi.
13 Aprel 2024-cü il tarixində Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Avropa Parodontologiya Federasiyasına üzv olan 35 ölkənin iştirakı ilə Federasiyanın Baş Assambleyası keçirildi. Bu tədbirdə ölkəmiz Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli və Cəmiyyətin vitse-prezidenti, ölkəmizin Federasiyada nümayəndəsi (EFP Delegate) Aslan Məmmədov tərəfindən təmsil olundu.
Baş Assambleyanın gündəliyində əsas məsələlərindən biri 2026-cı ildə Bakı şəhərində Federasiyanın və Azərbaycan Parodontologiya Cəmiyyətinin həmtəşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçiriləcək “EFP Perio Master Clinic 2026” konfransı olmuşdur. Konfransın təşkilat komitəsinin sədri Cavid Əhmədbəyli tərəfindən Federasiyanın İcraiyyə Komitəsinə və ölkə nümayəndələrinə konfransla əlaqədar aparılan hazırlıqlar və konfransın elmi komitəsinin sədri, Madrid Komplutense Universitetinin professoru Mariano Sanz tərəfindən hazırlanan elmi proqram təqdim olunmuşdur.
Tədbirdə Federasiyanın 2023-2024-cü illər ərzində fəaliyyəti və əldə olunan nailiyyətlər, 12 may Beynəlxalq diş əti sağlamlığı günü, 2025-ci ildə Viyana keçiriləcək EuroPerio11 beynəlxalq konfransı, Federasiyaya yeni üzv ölkələrin qəbul olunması, müxtəlif komitələrin hesabatları, Perio & Ailə Həkimləri maariflərində kampaniyasının təqdimatı, gələcək layihələr, fəxri adların təqdimarları və qündəlikdə olan diğər vacib məsələlər də ətraflı müzakirə olunmuşdur. 2024-2025-ci il ərzində Federasiyanın prezident vəzifəsini Böyük Britaniyanın Birmingham Universitetinin professoru Moritz Kebschull icra edəcəkdir.
Bakıda EFP Perio Master Clinic 2026 konfransının hazırlıqları çərçivəsində Avropa Parodontologiya Federasiyasının və Mondial şirkətinin nümayəndələri ilə görüşlər keçirilmişdir..
13 fevral 2024-cü il tarixində Avropa Parodontologiya Federasiyasının (EFP) xəzinədarı Monique Danser, Federasiyanın Konqres Komitəsinin sədri Phoebus Madianos və Mondial şirkətinin beynəlxalq layihələr direktoru Florian Fehringerin təmsil etdiyi nümayəndə heyəti 2026-cı ildə Bakı şəhərində Federasiyanın və Azərbaycan Parodontologiya Cəmiyyətinin həm-təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçiriləcək EFP Perio Master Clinic 2026 konfransının hazırlıqları çərçivəsində Bakıda səfərdə olmuşdurlar. Səfər sırasında Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyətinin prezidenti və EFP Perio Master Clinic 2026 konfransının Təşkilat Komitəsinin sədri Cavid Əhmədbəyli, yerli Təşkilat Komitəsinin üzvləri Aslan Məmmədov, Nərgiz Əliyeva, Rüstəm Ağazadə, Vəfa Xanməmmədova və Azərbaycan Turizm Bürosunun İşgüzar tədbirlər sektorunun müdiri Səmra Quliyeva ilə Bakı Konqres Mərkəzində, konfransın mühazirəçiləri və iştirakçıları üçün nəzərdə tutulan otellər və restoranlarda müxtəlif görüşlər keçirilmişdir. Bakı Konqres Mərkəzinə ziyarət zamanı beynəlxalq tədbirin keçiriləcək əsas auditoriya zalı, master-klasslar üçün nəzərdə tutulan auditoriya zalları, sərgi və qidalanma sahələri, konfransın Elmi Komitəsinin sədri Mariano Sanz tərəfindən təqdim olunan elmi proqram və digər vacib məsələlər nəzərdən keçirilərək ətraflı müzakirə olunmuşdur. Konfrans öncəsi master-klasslar 5 Mart; canlı cərrahiyyə ilə müşayiət olunacaq əsas elmi proqram isə 6-7 Mart 2026-cı il tarixlərində keçiriləcəkdir. Mühazirəçilərin rəsmi şam yeməyi 6 mart, konfransın qala gecəsi isə tədbirin bağlanış mərasimindən dərhal sonra 7 Mart tarixində keçirilməsi nəzərdə tutulur.
Bakıda Quintessence Azərbaycan və Azərbaycan Parodontologiya Cəmiyyətinin həmtəşkilatçılığı Quintessenz Azərbaycanın 2-ci beynəlxalq konfransı keçirildi.
16 dekabr 2023-cü il tarixində Bakı şəhərində Ritz-Carlton hotelində Quintessence Azərbaycan və Azərbaycan Parodontologiya Cəmiyyətinin həmtəşkilatçılığı ilə Mariano Sanz (İspaniya), Cavid Əhmədbəyli (Azərbaycan), Aslan Məmmədov (Azərbaycan) və Samir Kərimov (Azərbaycan) kimi tanınmış xarici və yerli mütəxəssislər mühazirəçi kimi dəvət olunan Quintessenz Azərbaycanın 2-ci beynəlxalq konfransı keçirilmişdir.
Dünya şöhrətli alim professor Mariano Sanz Azərbaycan Parodontologiya Cəmiyyətinin Fəxri Üzvlüyü ilə təltif olundu
Ölkəmizdə və dünyada Parodontologiyanın və İmplantologiyanın inkişafındakı xidmətlərə görə Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyətinin qərarı ilə ''Fəxri Üzvlük'' ilə təltif olunan dünya şöhrətli alim, Madrid Komplutense Universitetinin professoru Mariano Sanza Quintessence Azərbaycan və Azərbaycan Parodontologiya Cəmiyyətinin həmtəşkilatçılığı ilə 16 dekabr 2023-cü il tarixində Bakı şəhərində Ritz-Carlton hotelində keçirilən Quintessenz Azərbaycanın 2-ci beynəlxalq konfransında Cəmiyyətin İdarə Heyəti üzvləri tərəfindən Fəxri Üzvlük plaketi və müxtəlif hədiyələr təqdim olundu.
Ölkəmiz Gürcüstan Parodontologiya Assosiasiyası tərəfindən təşkil olunan PerioTbilisi2023 Beynəlxalq Konfransda təmsil olunmuşdur.
24-25 noyabr 2023-cü il tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Gürcüstan Parodontologiya Assosiasiyasının təşkilatçılığı ilə PerioTbilisi2023 Beynəlxalq Parodontologiya Konfransı keçirilmişdir. Bu tədbirdə ölkəmiz, təşkilatçılar tərəfindən rəsmi dəvət olunan, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli tərəfindən təmsil olunmuşdur. Konfransın rəsmi açılış mərasimində Cavid Əhmədbəyli tədbir iştirakçılarına və beynəlxalq nümayəndələrə Azərbaycan Parodontologiya Cəmiyyətinin fəaliyyəti, Avropa Parodontologiya Federasiyasında üzvlüyü və mühüm qlobal layihələrə verdiyi dəstəyi haqqında ətraflı məlumat vermişdir. Bu səfər sırasında Gürcüstan Parodontologiya Assosiasiyası və Azərbaycan Parodontologiya Cəmiyyəti ilə mövcud əlaqələrin inkişafı və perspektiv planları müzakirə edilmişdir.
Azərbaycan Parodontologiya Cəmiyyəti tərəfindən təşkil olunan Parodontologiya Kurikulumunun ilk məzunlarına rəsmi şəhadətnamə diplomaları təqdim olundu.
Azərbaycan Parodontologiya Cəmiyyətinin təhsil layihəsi olan və 2023-cü ildən Cəmiyyət tərəfindən ölkəmizdə ilk dəfə təşkil olunan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil üzrə akkreditasiyalı 4 seminar və 5 master-klassdan ibarət diş əti xəstəliklərinin diaqnostikası, qeyri-cərrahi və cərrahi müalicəsi üzrə 1 illik davamlı tibbi təhsil programı olan Parodontologiya Kurikulumu uğurla yekunlaşdı və kurikulumun ilk məzunlarına rəsmi şəhadətnamə diplomları təqdim olundu.
Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin “Bakı Ürək Günləri” Beynəlxalq Konqresində mühazirəçi olaraq dəvət olunmuşdur.
19-21 may 2023-cü il tarixlərində Gülüstan sarayında Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqres keçirilmişdir. Dünyanın 20-dən artıq ölkəsindən 400-ə yaxın yerli və xarici kardioloq və kardiocərrahların iştirak etdiyi tədbirə, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, parodontoloq Cavid Əhmədbəyli mühazirəçi olaraq dəvət olunmuşdur.
‘‘Ürək sağlamlığında parodontologiyanın rolu’’ mövzusunda çıxışında Cavid Əhmədbəyli tərəfindən diş əti xəstəlikləri & ürək-damar xəstəlikləri əlaqənin mövcudluğu və onlara qarşı birqə mübarizənin aparılmasının, bu kimi xəstəlikləri olan insanlarda məlumatlılığın təşviq edilməsi və ağız boşluğu sağlamlığınının təmin olunması, xəstəliklərin Avropa Parodontologiya Federasiyasının ən son elmi sübutlara əsaslanan maarifləndirmə rəhbərlikləri əsasında erkən diaqnostikası, profilaktikası və birgə müalicəsinin əhəmiyyəti haqqında ətraflı məlumat konqres iştirakçılarına təqdim olunmuşdur.
Avropa Parodontologiya Federasiyasının növbəti Perio Master Clinic konfransı 6-7 mart 2026-cı il tarixlərində Bakıda keçiriləcək.
1 aprel 2023-cü il tarixində Danimarkanın Helsingor şəhərində Avropa Parodontologiya Federasiyasına üzv olan 37 ölkənin iştirakı ilə Federasiyanın Baş Assambleyası keçirildi. Bu tədbirdə ölkəmiz Azərbaycan Parodontologiya Cəmiyyətinin prezident Cavid Əhmədbəyli və vitse-prezidenti, Avropa Parodontologiya Federasiyasında Azərbaycan nümayəndəsi Aslan Məmmədov tərəfindən təmsil olundu.
Baş Assambleyanın gündəliyində əsas məsələlərindən biri Federasiyanın 2026-cı ildə keçiriləcək növbəti “Perio Master Clinic” konfransı olmuşdur. Bu konfransa ev sahibliyi etmək uğrunda mübarizə Bakı və Finlandiyanın Helsinki şəhərləri arasında bir ilə yaxındır davam edirdi. Cavid Əhmədbəyli Azərbaycan Konqreslər Bürosunun dəstəyi ilə hazırlanan təqdimatında Bakı şəhərinin işgüzar tədbirlər üzrə potensialı ilə bağlı nümayəndələrə ətraflı məlumat vermişdir. 1000-dən çox mütəxəssisin iştirakı nəzərdə tutulan beynəlxalq konfransın 2026-cı ilin 6-7 mart tarixlərində Azərbaycanda Bakı Konqres Mərkəzində keçirilməsi Avropa Parodontologiya Federasiyasına üzv olan ölkələrinin gizli səsverməsi nəticəsində təsdiq olunmuşdur, təşkilat komitəsi sədrliyi Cavid Əhmədbəyli’yə, elmi komitənin sədri vəzifəsi isə İspaniyanın Madrid Komplutense Universitetinin professoru Mariano Sanz’a həvalə edilmişdir.
Avropa Parodontologya Federasiyası 1991-ci ildə təsis edilən və Avropada 16 000-ə yaxın ağız boşluğu sağlamlığı mütəxəssislərinin və alimlərinin üzv olduğu 37 milli parodontologiya cəmiyyətini özündə cəmləşdirindən, tibbin parodontologiya sahəsi üzrə elmi və diş əti sağlamlığının əhəmiyyətini təbliğ edən, əsas şuarı “daha yaxşı həyat üçün sağlam diş əti” olan nüfuzlu beynəlxalq təşkilatıdır.
Avropa Parodontologiya Federasiyasının 2017-2022-ci illərdə assosiativ üzvü, 2022-ci ildən hal-hazıradək tamhüquqlu üzvü olan Azərbaycan Parodontologiya Cəmiyyətinin məqsədi ölkəmizdə parodontologiyanın inkişafına yardım etmək, həkimlərə və ictimaiyyətə dişlər və implantlar ətrafında diş əti sağlamlığının qorunub saxlanması və diş əti xəstəliklərinin ciddiyyəti, bu xəstəliklərin müasir biliklərə əsaslandırılmış erkən diaqnostikası və müalicəsinin əhəmiyyətini gündəmə gətirməkdən ibarətdir.
Azərbaycan Dövlət İnformasiya Agentliyi https://azertag.az/xeber/2556167
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu https://www.adhti.edu.az/2023.php?go=xeber25
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi https://tourism.gov.az/news/azerbaycan-novbeti-beynelxalq-tedbire-ev-sahibliyi-edecek
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi https://medeniyyet.az/page/news/67142/Azerbaycan-novbeti-beynelxalq-tedbire-ev-sahibliyi-edecek.html
Report İnformasiya Agentliyi https://report.az/turizm/bakida-perio-master-clinic-konfransi-kecirilecek/
Azərbaycan Parodontologiya Cəmiyyətinin vitse-prezidenti Aslan Məmmədov Antverpendə EFP Perio Master Klinik konfransında ölkəmizi təmsil etmişdir.
Azərbaycan Parodontologiya Cəmiyyətinin vitse-prezidenti Aslan Məmmədov 3-4 Mart 2023-ci ildə Belçikanın Antverpen şəhərində Avropa Parodontologiya Federasiyasının təşkilatçılığı ilə “Perio-Orto Sinerjisi” mövzusunda keçirilən Perio Master Clinic konfransında iştirak etmişdir. Konfrasın gedişində müxtəlif ölkələrdən olan həmkarlar və Avropa Parodontologiya Federasiyasının nümayəndələri ilə bir çox görüşlər keçirilmiş, həmçinin Azərbaycan Parodontologıya Cəmiyyətinin Federasiya ilə mövcud əlaqələrinin inkişafı və perspektiv planları müzakirə edilmişdir.
Azərbaycan Parodontologiya Cəmiyyətinin və Limon Dental şirkətinin həm-təşkilatçılığı ilə “Forum Perio-Endodontika" beynəlxalq elmi-praktik konfrans keçirildi.
Azərbaycan Parodontologiya Cəmiyyətinin və Limon Dental şirkətinin həm-təşkilatçılığı ilə 5 fevral 2023-cü il tarixində Badamdar Estates Baku hotelində “Forum Perio-Endodontika" beynəlxalq elmi-praktik konfrans keçirildi. Konfransla birgə tədbirin foyesində sərgidə təşkil olunmuşdur.
‘‘Diş əti Xəstəlikləri & Ürək-damar Xəstəlikləri’’ maarifləndirmə kampaniyası Azərbaycan Parodontologiya Cəmiyyəti tərəfindən ağız boşluğu sağlamlığı və digər tibb mütəxəssisləri, əçzaçılar, xəstələr və ictimaiyyət üçün Azərbaycan dilində tərtib edilmişdir.